Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs ifadə verib. İttihama münasibət bildirən Elnar Hacıyev özünü təqsirli bilməyib.
Əvvəlcə qonşusu ilə aralarında baş verən davadan danışan Elnar Hacıyev deyib ki, həmin hadisə çoxdan baş verib və artıq qonşusu ilə aralarında barışıq olub.
6 yaşlı Ramilənin ölümündən danışan Elnar Hacıyev bildirib ki, baş verən hadisə ilə əlaqəsi olmayıb, uşaq həyətdəki pilləkandan ürüşərək yıxılıb: “Mən özümü qətiyyən təqsirli bilmirəm. Axı bu əməli mən törətməmişəm. Əgər cinayət törətsəydim, səsimi çıxarmazdım. Cəzamı alıb, həbsdə yatardım. Amma günahsız yerə burdayam. Düzdür, səhvim var. Amma uşağın ölümünə mən səbəb olmamışam. Razıyam ki, mənə ən ağır cəza verilsin. Amma bu işə görə yox. Bu yazılanları mən eləməmişəm”.
Elnar Hacıyev mərhum Ramilənin onun ayağını yumaq üçün su gətirməsi, sonra suyu apararkən yerə tökməsi və buna görə də azyaşlını döyməsi ilə bağlı ittiham aktında yazılanla da razılaşmayıb. Deyib ki, belə bir hadisə olmayıb: “Heç 6 yaşlı uşaq həmin ləyəndə su gətirə bilərdi? Onu qaldıra bilərdi? Hadisə günü mənim öz qızım Həcər də evdə olub. Xahiş edirəm, o yenidən gətirilsin və məhkəmədə dindirilsin. O deyir ki, atam günahsızdır. Ramilə yıxılaraq başından xəsarət alıb. Keçmiş qayınanam uşağı öyrədib ki, məni həbsdə saxlasınlar. Uşaq məcburi şəkildə həmin ifadəni verib ki, guya Ramilə mənim ayağımı yumağa su gətirib”.
Dövlət ittihamçısı Samir Abdinovun suallarını cavablandıran Elnar Hacıyev ekspertizanın rəyinə əsasən, mərhum Ramilənin bədənindəki zorakılıq və xəsarət izləri haqda da danışıb: “Mən heç birinə əl qaldırmamışam. Mən öz uşaqlarımın ağlamasına belə razı olmamışam. Həmçinin Ramilənin də. Ramiləni anası Samirə döyürdü. Özü də bunu məhkəmədə etiraf elədi. Bir dəfə qızım Həcər mənə zəng elədi ki, “ata, tez gəl, Samirə uşağını döyür”. Mən də evə getdim. Ondan uşağı niyə döydüyünü soruşdum. Samirə dedi ki, “bezmişəm, vaxtı gəlsəydi, böyüsəydi, bunu da aparıb internata qoyardım”. Samirə qızım Həcəri də vurmuşdu. Yıxılıb qolu əzilmişdi”.
Dövlət ittihamçısı Elnar Hacıyevdən mərhum Ramilənin anası Samirə Yarıyeva ilə aralarındakı münasibətlər barədə də soruşub. Elnar Hacıyev Samirə Yarıyevanı hadisədən 9 ay əvvəl tanıdığını və ər-arvad münasibətlərində olmadığını deyib: “Sadəcə, bizdə qalırdı. Ər-arvad kimi yaşamamışıq. O, özü işləyirdi, uşaqlarına baxırdı”.
Dövlət ittihamçısı Elnar Hacıyevdən Samirə Yarıyevanın uşağı dəfn etmək üçün rayona aparması barədə soruşub. Dövlət ittihamçısı bildirib ki, sonradan Samirə Yarıyeva polisə zəng edərək qızını naməlum avtomobilin vuraraq qaçdığını deyib. Amma polis əməkdaşları tərəfindən aparılan araşdırmadan sonra həqiqətin üzə çıxdığını vurğulayan prokuror bu planı kimin qurması barədə Elnar Hacıyevə sual verib.
Elnar Hacıyev isə deyib ki, uşaq pilləkandan yıxılarkən başından xəsarət alıb: “Heç qan da yox idi. Uşağın özündən getdiyini gördüm. Bibimə zəng edib, nə edəcəyimi soruşdum. Dedi ki, spirt alıb masaj edim. Mən də qızımı Ramilənin yanında qoyub aptekə qaçdım. Spirt alıb gəldim. Masaj elədik, amma xeyri olmadı. Samirə də evə gəldi. Artıq Ramilə dünyasını dəyişmişdi. Samirə dedi ki, kəndə aparıb dəfn edək”.
Dövlət ittihamçısının “Siz niyə təcili yardıma zəng etmədiniz” sualına Elnar Hacıyev belə cavab verib: “Özümü itirmişdim. Mən elə ən böyük səhvi burada etdim ki, zəng eləmədim”.
Dövlət ittihamçısı sonra təqsirləndirilən şəxsə belə sualla müraciət edib: “Əgər sizin günahınız yox idisə və hadisə sadəcə qızın yıxılması səbəbindən baş vermişdisə, ananız niyə elə canfəşanlıq göstərərək Samirəyə kömək edirdi?”.
Verilən suala cavab verən Elnar Hacıyev bunu yenə də günahsız olması ilə izah edib: “Samirə özü deyirdi ki, qurban olum, kömək edin, rayona aparım. Samirə deyirdi ki, əgər həkimə aparsaq, uşağı yaracaqlar. Buna görə də istəmədi. Həm də onun pulu yox idi. Biz də həyəcanlı idik. İlk dəfə idi ki, bir insanın ölümünə şahidlik edirdik və nə edəcəyimizi bilmirdik. Samirə mənə dedi ki, problem yoxdur, narahat olma. Həm Samirə özü də deyir ki, bu işdə mənim günahım yoxdur”.
Sonda bir daha Ramilənin yıxılaraq xəsarət aldığını və buna görə də dünyasını dəyişdiyini deyən Elnar Hacıyev məhkəmədən ədalətli qərar gözlədiyini deyib: “Həmin pilləkandan mənim qızım da yıxılıb. Anam da yıxılıb, qolu qırılıb. İnanıram ki, işə ədalətli baxacaqsınız. Mənim bu ittihamla əlaqəm yoxdur. Uşağın anası da deyir ki, məni nahaq yerə tutublar”.
Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Amma Elnar Hacıyevin vəkili buna etiraz edib və məhkəməyə sübut təqdim etmək istədiyini deyib: “Burada hadisə günü evdə olan Elnar Hacıyevin qızı Həcərin çıxışı var. O, hadisənin necə baş vediyini danışıb. Atasının günahsız olduğunu deyib”.
Ancaq hakim vəkilin etirazını qəbul etməyib və bildirib ki, məhkəmədə sübutların təqdim edilməsi mərhələsi başa çatıb.
Hakim onu da bildirib ki, mərhum Ramilənin atası Məhəmməd Abdulaxaliqov məhkəməyə yazılı şəkildə müraciət edərək Elnar Hacıyevin qanunla nəzərdə tutulmuş ən ağızr cəza ilə cəzalandırılmasını istəyib.
Daha sonra hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər və çıxış etmək üçün dövlət ittihamçısına söz verilib.
Lakin dövlət ittihamçısı çıxışa hazır olmadığını deyib. O, məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakimlər onun istəyini nəzərə alıb.
Növbəti proses avqustun 1-də davam edəcək.
İttihama görə, ötən il iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in “102” Mərkəzinə zəng edərək şəhər ərazisində 6 yaşlı qızı Ramilənin naməlum avtomobillə vurulması barədə məlumat verib.
Meyitin müayinəsi zamanı uşağın avtomobillə yox, zorakılıq nəticəsində öldürüldüyü müəyyən edilib.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan sakini Elnar Hacıyev tutulub.
Məlum olub ki, Elnar Hacıyev Xırdalanda Samirə Yarıyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Həm Elnar Hacıyevin, həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızı olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.
İstintaq müəyyən edib ki, 28 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. O, doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməyi tapşırıb. Qızı ləyəndə su gətirib, atası ayağını yuyub. Ayağını yuduqdan sonra Elnar Hacıyev ləyəni ögey qızı Ramilə Abdulxaliqovaya aparmağı tapşırıb. 6 yaşlı qızın ləyənə gücü çatmayıb, suyu döşəməyə töküb.
Əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qızı yumruq-təpiklə vurub, bununla kifayətlənməyib və Ramiləni qulağından tutaraq qaldırıb evin divarına çırpıb. 6 yaşlı qız keçinib.
Elnar Hacıyev qonşu Tural Hüseynli ilə də dava edib. İyunun 25-də dava zamanı Tural Hüseynlinin başına və burnuna zərbələr endirib.
Bildirilir ki, Samirə Yarıyeva qızının qeyri-rəsmi yaşadığı Elnar Hacıyev tərəfindən öldürüldüyünü bilsə də, hüquq-mühafizə orqanlarına onu avtomobilin vurduğu barədə yalan məlumat verib. Buna görə Samirə Yarıyeva da həbs edilib.
Samirə Yarıyevaya qarşı Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini hadisədən əvvəl öz anası yetirib. Samirə Yarıyeva həbsdədir, onun barəsində olan cinayət işi ayrıca icraatda araşdırılır.
Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.