Gəncə şəhərində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən şəxsin başqa cinayəti açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə həbs edilmiş Gəncə şəhər sakini Qurban Qurbanovun işi üzrə istintaq aparılıb.
Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat tədbirləri ilə Qurban Qurbanovun digər ağır cinayət törətdiyi də müəyyən edilib.
Araşdırmalar zamanı o, cari il oktyabrın 10-da digər cinayət ortaqları ilə birlikdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Məsnunini zorla “VAZ-2107” markalı avtomobilə mindirib və şəhərin Gülüstan qəsəbəsinə aparıb. Orada onu girov saxlayıb və buraxılması müqabilində qohumlarından 100 min rubl (2870 manat) pul tələb edib.
Qurban Qurbanov məqsədinə çatdıqdan sonra onu sərbəst buraxıb.
Habelə əlavə olaraq zərərçəkmişdən 250.000 rubl (7175 manat) da gətirməsini tələb etməsi də müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.