Kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesə Məhəbbət Namazov gətirilməyib.
Hakim bildirib ki, vəkil Təranə Əliyeva məhkəməyə teleqram göndərib. O, teleqramda qeyd edib ki, şəxsi işi ilə bağlı ölkə xaricinə gedib və məhkəmənin təxirə salınmasını istəyib.
Növbəti proses noyabrın 22-də davam edəcək.
İttihama görə, Məhəbbət Namazov 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik aşkar olunub. Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli patron tapılıb.
Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
Məhəbbət Namazov Nadir Səlifovun (Lotu Quli) kirvəsidir.