Oğuzda qanunsuz ağackəsmə, eləcə də kustar üsulla kömür hazırlayıb, ekologiyaya, təbiətə zərər vurulması hallarına qarşı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı cari ilin on ayı ərzində Oğuz RPŞ-nin əməkdaşları tərəfindən bir sıra tədbirlər görülüb, bu istiqamətdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 66 protokol tərtib olunub.
Onlardan 12-si meşəqırma fondundan istifadə, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına, müvafiq icazə olmadan ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə, 5-i meşə fonduna aid olmayan ağac və kolların kəsilməsinə və ya məhv edilməsinə, 49-u isə meşə fondu torpaqlarının münbit qatının korlanması barədə olub.
Noyabrın 20-də keçirilən növbəti belə tədbirlər nəticəsində isə qanunsuz olaraq kustar üsulla kömür istehsalı ilə məşğul olan 15 rayon sakininə qarşı inzibati qaydada protokollar tərtib olunub, həmin quyuların üstü örtülərək istifadəsinə qadağa qoyulub.
Eləcə də Oğuz rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin qanunsuz ağac kəsmə maddəsi ilə 2 cinayət faktı qeydə alınaraq araşdırma aparılıb və baxılması üçün məhkəməyə göndərilib.
Göstərilən istiqamətdə tədbirlər davam etdirilir və gələcəkdə qanunvericiliyin ətraf mühitin mühafizəsi, təbiətdən istifadə, ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan tələblərin pozulması hallarının aşkarlanacağı təqdirdə qayda pozucularına qarşı müvafiq tədbirlər görüləcək.