Bakı polisi oğurluq edən şəxslərin tutulması istiqamətində bir neçə əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 20-də rayon ərazisindəki mağazalardan birindən içərisində 445 manat və sənəd olan seyfi oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini Amil Məmmədov tutulub.
Bundan başqa, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları noyabrın 2-dən 16-dək olan müddətdə rayon ərazisində 4 evdən velosiped, su mühərriki və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Qasımovu yaxalayıblar.
Noyabrın 8-də Bakı şəhər sakini İsmayıl İmamverdiyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə məlumat daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən Cəmaləddin Cavadov tutulub.
Bundan əlavə, oğurluqda şübhəli bilinən Vüsal Səmədovun ətrafında Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsində araşdırma aparılıb. Əməliyyat tədbirləri ilə onun noyabrın 18-də 1 şirniyyat evindən və 1 mağazadan pul, planşet və mobil telefon oğurladığı müəyyən edilib.
Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən İsmayıl Məmmədli və Elxan İsayev həbs edib. Onların cari ilin yanvar-sentyabr ayları ərzində daha 4 avtomobildən akkumulyator və yan güzgü oğurladıqları müəyyən olunub.
Oktyabrın 14-də Bakı şəhər sakini Rüstəm Xəlilova məxsus avtomobildən 10 ədəd modem və 10 ədəd tüner oğurlamaqda şübhəli bilinən paytaxt sakini İsmayıl Məmmədli və bir yeniyetmə Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Oğurluq hadisəsinin üstünün açılması ilə bağlı daha bir əməliyyatı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları keçirib. Oktyabrın 31-də Şaiq Kərimovun cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev tutulub.
Bundan başqa, sentyabrın 3-də Bakı şəhər sakini Xədicə Yadigarovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Rəmziyyə Abdullayeva Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daha bir əməliyyatı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları keçirib. Noyabrın 5-də Xətai rayonu ərazisində paytaxt sakini olan bir qadının içərisində 557 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İsgəndərov tutulub.
Oktyabrın 27-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Balaəli Rzaxanovu aldadaraq 150 manat pulunu almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Anar İsmayılov Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.