Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə 4 zərərçəkmiş ifadə verib.
Onlar qeyd ediblər ki, təqsirləndirilən Mirəddin Ağayev onları polisə və ASAN xidmətə işə düzəldəcəyi vədi verib, ümumilikdə 10 min manatdan çox pul alıb.
Zərərçəkmişlərin sözlərinə görə, Mirəddin Ağayev verdiyi vədə əməl etməyib.
Zərərçəkmiş Məmmədmirzə Tağıyev deyib ki, təqsirləndirilən şəxs tikintiyə işə düzəltmək adı ilə ondan hissə-hissə 10 min manat pul alıb və sonradan qaytarmayıb.
Məmmədmirzə Tağıyev deyib ki, Mirəddin Ağayev qardaşı Mirşahin Ağayevin də adından istifadə edib: “Mirəddin Ağayev qardaşı Mirşahin Ağayevin yaxşı əlaqələri olduğunu bildirdi. Bu işdə mənə köməklik edəcəyini deyirdi. Pulları da Mirşahinin adından istifadə edərək alırdı”.
Daha sonra çıxış edən təqsirləndirilən Mirəddin Ağayev bəzi epizod üzrə ittihamları qəbul etməyib.
Növbəti proses yanvarın 8-də davam edəcək.
İttihama görə, Bakı şəhər sakini Qəzənfər Qəzənfərovun Səbail rayon Polis İdarəsinə şikayəti əsasında Mirəddin Ağayev istintaqa cəlb olunub. Şikayətçi Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra Mirəddin Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
Mirəddin Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.
Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.