26 Dekabr 2017 10:41
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Şəhla Abbasova ifadə verib.

O qeyd edib ki, klinikanın rəhbəri Leyla Şıxlinskaya ilə əvvəllər münasibətləri yaxşı olub: “Hər gün xəstələr qeydiyyat şöbəsinə yaxınlaşırdı və onlar da həkimlərə yönəldilirdi. Qeydiyyat şöbəsində olan pullar da mühasibatlığa göndərilirdi. Klinikada olan xərclər barədə mənə məlumat verilirdi.

Cinayət işi başlanmamışdan əvvəl yoxlama oldu. Hələ Leyla xanım bizə “premiya” da verdi ki, yaxşı işləmisiz. Sonra bizim münasibətlərimiz pozuldu. Bir neçə dəfə işdən çıxağımla bağlı ərizə yazdım, lakin Leyla Şıxliniskaya mənimlə barışdı. Sonda kadrlar şöbəsinə ərizə verdim. Həmin gündən klinikada yoxlama başladı. Mən çıxmaq istəyirəm deyəndə Leyla Şıxliniskaya dedi ki, səni tutduracam. Heç bir həkim oradan öz xoşu ilə ayrılmayıb".

Növbəti proses yanvarın 4-də davam edəcək.

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.

Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.


Müəllif: Hacı Zeynalov