Dələduzluqda təqsirləndirilən və məhkəmənin hökmü ilə bəraət alan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun iki dəfə intihara cəhd etməsinin bəzi təfərrüatları məlum olub.
Rövşən Əhmədovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınan keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov Teleqraf.com-a bildirib ki, intihara cəhd əvvəlcədən planlaşdırılıb.
Vəkilin sözlərinə görə, Rövşən Əhmədovun intihara cəhd etməsi məsuliyyətdən yayınmaq üçün atılan addımdır: “Bunu hələ bir ay əvvəl mətbuata açıqlamamda bildirmişdim. Dəfələrlə Səhiyyə Nazirliyinə Rövşən Əhmədovun planı barədə məlumat vermişəm. Bildirmişəm ki, o, əvvəlcə yuxu dərmanı içəcək və intihar görüntüsü yaradacaq. Sonra 1 saylı Kliniki Tibbi Mərkəzə aparılacaq. Orada da özünə xəsarət yetirmə görüntüsü yaradacaq və Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək.
Bütün bunları etməkdə onun məqsədi guya anlaqsız vəziyyətdə olmasına dair rəy almaqdır. Əgər Rövşən Əhmədov heç bir cinayət törətməyibsə, onda niyə anlaqsız durumda olmasına dair rəy alıb? Bu rəy onun nəyinə lazımdır?”.
Vəkilin fikirincə, Rövşən Əhmədov bundan əvvəl də iki dəfə cinayət törədib və məhkum olunub: “Rövşən Əhmədov ilk dəfə bacısına qarşı cinayət törədib və həmin vaxtda cinayətdən yayınmaq üçün intihara cəhd görüntüsü yaradıb. Bundan əvvəl az ağır xəsarət yetrimə və yalan məlumat verməyə görə məhkum olunub. Rövşən Əhmədo üç dəfə cinayət törədib, üçündə də eyni şantaj üsulundən istifadə edib. Bu, onun birinci cinayəti deyil.
Qoy Rövşən Əhmədovun doğma qardaş-bacısı meydana çıxsın, bildirsinlər ki, biz ona şər atırıq. Niyə görə çıxmırlar? Çünki onlar da bilirlər ki, Rövşən Əhmədov Çingiz Baxşıyevin ailəsini hansı vəziyyətə salıb...”
Vəkil qeyd edib ki, Rövşən Əhmədov Çingiz Baxşıyevə məxsus külli miqdarda qızıl-zinət əşyalarını mənimsəyib: “Bununla bağlı əlimizdə faktlar var. O bir gündə yarım milyon dəyərində əmlak alıb. Bəs həmin pullar Rövşən Əhmədovda haradandır? Rövşən Əhmədov mənimsədiyi qızılları ölkənin müxtəlif yerlərində satıb. Bununla bağlı əlimizdə mötəbər sübutlar var. Həmin sübutları məhkəməyə təqdim etmişik”.
Vəkilin sözlərinə görə, Rövşən Əhmədov məhkəmə proseslərində dəfələrlə peşəkar zərgər olduğunu deyib.
Ceyhun Yusifov bildirib ki, Rövşən Əhmədovun intihara cəhd etmək şousi məhkəmədən yayınmaq məqsədilə atılan bir addımdır: “Rövşən Əhmədov konkret olaraq məhkəmədən yayınır”.
Qeyd edək ki, Rövşən Əhmədovun cinayət işinə Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baxılır.
Dekabrın 26-da gecə saatlarında Rövşən Əhmədov müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) palata yoldaşının sistem şüşəsini sındıraraq, əl-qolunu və boyununu kəsib.
Hadisə yerinə gələn həkimlər onun intihar etməsinin qarışısını alıblar. Xəstəxanaya polis çağırılıb. Daha sonra Rövşən Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasına köçürülüb. O, hazırda həmin xəstəxanada müalicə alır.
Rövşən Əhmədov bundan əvvəl, dekabrın 21-də axşam saatlarında çoxlu sayda həblər içərək intihara cəhd göstərmişdi. O, Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdi.
Ailəsi onun intihara cəhd göstərməsini təsdiqləyib. Bildiriblər ki, Rövşən Əhmədov hər gün intihar edəcəyini deyirmiş. O, intihara cəhddən əvvəl məktub yazaraq bildirib ki, yenidən şərlənərək həbsxanaya getməkdənsə ölmək yaxşıdır.
Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya qarşı mənimsəmədə ittiham edilib.
İttihama aktına əsasən o, qohumu Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Sonradan cinayət işinin istintaqının davamı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib.
Xatırladaq ki, Rövşən Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib.
Daha sonra Çingiz Baxşıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, Rövşən Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib.
Çingiz Baxşıyev şərəf və ləyaqətinin alçaldığını bildirərək, Rövşən Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib.
Məhkəmənin hökmü ilə Rövşən Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib.
Bu qərardan narazı qalan Rövşən Əhmədov apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rövşən Əhmədovun şikayəti təmin edilməyib.