10 Yanvar 2018 10:13
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqda təqsirli bilinən Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və Rauf Azadovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Pərvin Əliyev Daxili İşlər Nazirliyinin “102 xidmətinə” zəng edərək, quldurluqla üzləşdiyini deyib.

Bildirib ki, çalışdığı lombarddan evə yollanıb, yolda naməlum şəxslər ona hücum çəkib, zor tətbiq etdikdən sonra cibində olan 7 min manat pulu ələ keçiriblər.

Təhlükəsiz Şəhər Xidməti və Nizami rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri - Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və əvvəllər məhkum olunmuş Rauf Azadovu tutublar.

Dəstə üzvləri hadisə yerinə Surxay Cəfərovun avtomobili ilə gediblər. Bunun müqabilində onlar quldurluq yolu ilə əldə etdikləri puldan sürücüyə 1750 manat veriblər. Dəstə üzvlərinə Pərvin Əliyevdə külli miqdarda pul olması barədə məlumatı isə Namid Aydınov ötürüb.

Məlum olub ki, onlar lombardın qarşısında uzun müddət gözləyiblər. Pərvin Əliyev işdən çıxan kimi onun maşına basıb əl-qolunu bağlayaraq qaz balonundan istifadə ediblər. Daha sonra onun pulunu götürüb, hadisə yerindən qaçıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Surxay Cəfərov 9 il 4 ay, Tural Ağahüseynov 9 il, Namid Aydınov və Rauf Azadov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzanın yüngülləşdirilməsini istəyiblər.

Təqsirləndirilən şəxslərin şikayəti Bakı Apeltyasiya Məhkəməsində araşdırılıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər