Sumqayıtda 9 il əvvəl atasını öldürən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmə Azər Yaqubov 13 il müddətinə azadlıqdan məhrum edib. Onun cəzası şübhəli şəxs kimi saxlanıldığı 2009-cu ildən hesablanıb.
İttihama görə, Sumqayıt şəhər sakini Azər Yaqubov ailə münaqişəsi zəminində atası Şaban Yaqubovu balta ilə qətlə yetirib. O, hadisədən sonra psixi xəstəliyə tutulub.
2009-cu ildə məhkəmə onun psixi xəstəliyi ilə bağlı məcburi müalicəyə göndərib. Qanuna əsasən, Azər Yaqubovun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə araşdırma aparılıb.
Azər Yaqubov 2009-cu ildə atası Şaban Yaqubovu yatmış, köməksiz vəziyyətdə qətlə yetirib. Atasının onu tez-tez işləmədiyi üçün danlamasını bəhanə gətirib və qətli planlaşdırıb. Atası yatan zaman balta ilə onu 3 dəfə vurub. Azər Yaqubov elan olunmuş ittihamla özünü təqsirli bilib və əməlini etiraf edib. Məhkəmədə ona sərbəst ifadə vermək təklif olunub. O, atasını balta ilə bir dəfə vurduğunu deyib.
Məlum olub ki, Azər Yaqubov 9 il əvvəl də istintaqa eyni sözləri söyləyib. Hakim xatırladıb ki, ekspertizanın rəyində 3 zərbə göstərilib.
Prokurorun suallarını cavablandıran Azər Yaqubov hadisəni törədən zaman atasının yatmadığını, televizora baxdığını və mübahisə etdikdən sonra onu vurduğunu söyləyib. Daha sonra əməlindən peşman olduğunu bildirib. Həmçinin istintaqda deyib ki, ətrafa qan sıçramasın deyə yorğanı atasının başına çəkib və zərbə endirib.
Azər Yaqubov psixi xəstəlikdən əziyyət çəkdiyi vaxt bacısı Nigar Quliyeva ona nümayəndə təyin edilib. Onun səhhəti normallaşdığı üçün bacısı nümayəndəlikdən çıxarılıb və şahid qismində məhkəmədə dindirilib.
Nigar Quliyeva həm zərərçəkmiş, həm də qardaşının nümayəndəsi olduğunu söyləyib. O qeyd edib ki, hadisə maddi çətinlik səbəbindən baş verib.
Xatırladaq ki, Azər Yaqubov qətli törədəndən sonra psixi xəstəliyə tutulduğu üçün müalicəyə göndərilib. İndi səhhəti normallaşdığı üçün işə yenidən baxılır.