Məhkəmənin qərarını icra etməkdən boyun qaçırmaqda və dələduzluqda ittiham olunan Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Anar Əliyev 36 min 30 manat pul vəsaitinin Rövşən Babayevin xeyrinə, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pulun isə dövlət nəfinə ödənilməsinə dair Abşeron rayon Məhkəməsinin 4 mart 2014-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməyib.
O, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron rayon Məhkəməsinin 18 avqust 2015-ci iltarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsilə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.
İcra üçün yeni müddət təyin olunub, həmçinin həmin il sentyabrın 22-də ona rəsmi xəbərdarlıq edilib.
Buna baxmayaraq Anar Əliyev hərəkətlərini davam etdirməklə məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyib.
Eyni zamanda Anar Əliyev 2014-cü ilin dekabrın sonlarında Vaqif Məmmədovun və Rafiq Süleymanovun etibarından sui-istifadə edərək, tamah niyyətilə onlara Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə münbit ərazidə yerləşən 0,05 hektar torpaq sahəsinin özünə məxsus olduğu kimi təqdim edib, hər iki şəxsi aldadıb.
Anar Əliyev Orxan Quliyevin mülkiyyətində olan Saray qəsəbəsi “Qamışlıq” adlanan sahədə yerləşən 0,32 hektar torpaq sahəsindən dekabrın 27-də bağlanılmış alqı-satqı müqaviləsi əsasında 15.000 ABŞ dollarına Vaqif Məmmədova satıb.
O, həmçinin Orxan Quliyevə məxsus 0,02 hektarını isə 10.000 ABŞ dollarına Rafiq Süleymanova satıb.
Anar Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Anar Əliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Vaqif Məmmədov və Rafiq Süleymanov epizodları üzrə əməlində dələduzluq ittihamının tərkib əlamətləri olmadığını qeyd edib. O, həmin ittihamlarla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə cinayət işinin icraatına xitam verilməsi istəyib.
Anar Əliyev Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Anar Əliyevin şikayəti qismən təmin edilib.
Məhkəmə Anar Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsini həmin məcəllənin 178.2.4-cü ((xeli miqdarda ziyan vurmaqla dələduzluq etmək) maddəsinə tövsüf edilib.
Anar Əliyev Cinayət Məcəlləsinin 178.2.4 və 306.1-ci maddələri ilə təqsirli bilinib, onun cəzası 2 il 3 aya endirilib.