8 Fevral 2018 12:51
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com zəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə Habil Vəliyev vəsatətlə çıxış edib.

O, bundan sonrakı məhkəmə proseslərinin qapalı keçirilməsini istəyib: “Mənim ötən prosesdəki çıxışım, iradlarım mətbuatda yer almadı. Səhhətimdə də problem var. Mətbuatda yazılanlar mənə pis təsir edir”.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra DTX-nın həbs etdiyi “Bizim Dövr” qəzetinin baş redaktoru olmuş və hazırda cinayət işi ayrıca araşdırılan Surxay Əliyev şahid qismində ifadə verib. O, istintaqa ifadəsini təsdiqlədiyini və ittihamların yalan olduğunu deyib.

Digər şahid - Surxay Əliyevin müavini olmuş Hikmət Nəcəfli ifadə verib. Cinayət işi üzrə bir neçə epizodda onların adı ayrı-ayrı şəxslərin şantaj edilməsində keçir.

Hatəm İbrahimovun rüsvayedici görüntülərlə şantaj edilməsi epizodu üzrə ifadə verərkən deyib ki, ittihamlar əsassızdır.

Sadiq Əliyev də məhkəmədə şahid qismində dindirilib. O, Habil Vəliyevi bir dəfə gördüyünü deyib. Bildirib ki, Zığda obyektdə işləyib: “Obyektlə bağlı yazılar yazılırdı. Müdir Hatəm müəllim məni çağırdı ki, get maraqlan gör, bu haqda niyə yazılır... Mən də bir dəfə Bakıya gəlib onlaral görüşmüşəm. Bir dəfə 3500 manat , iki dəfə də 600 manat vermişəm”.

Növbəti proses fevralın 16-da davam edəcək.

İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib.

Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək Habil Hüseynovun 30 min manatını ələ keçirib.

Daha sonra Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.

Habil Vəliyev cinayətkar qrupun digər üzvləri ilə birlikdə zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə-qorxu gəlib. Onlar Fuad Məmmədov, Tofiq Sadıqov, Rəşid Mənəfov, Xəyalə Məlikovanın əmlakını, Xəyyam Həsənov, Nofəl Musayev, Ramil Quliyev, Rafiq Rəsulovun xeyli miqdarda əmlakını, eləcə də Ramiz Cəbrayılov, Hətəm İbrahimov, Habil Hüseynov və Rasim Bağırovun külli miqdarda əmlakını ələ keçirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər