20 Fevral 2018 14:26
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1990-cı il təvəllüdlü Rəsul Osmanlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Rəsul Osmanlı 2016-cı ilin dekabrın 16-da “Odnoklassniki” sosial şəbəkəsində tanımadığı şəxsin şəklinin altına rəy yazıb.

Bu səbəbdən onunla şəhər sakini, 1995-ci il təvəllüdlü Cahandar Alıyevin arasında mübahisə yaranıb. Sosial şəbəkədə mübahisə edən gənclər görüşmək barədə sözləşiblər. Görüş zamanı yenidən mübahisə etməyə başlaylıblar.

Cahandar Alıyev iki dostu ilə Rəsul Osmanlını döyüb. Hadisədən bir gün sonra Rəsul Osmanlı yenidən Cahandar Alıyevi görüşə çağırıb və onu 12 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Rəsul Osmanlıya qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə o, özünü təqsirli bilib.

Növbəti proses fevralın 22-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər