Bakının Suraxanı rayonunda silsilə oğurluq cinayətləri törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyev saxlanılıb.
Məlum olub ki, o bu il yanvarın 16-dan 28-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədən məişət əşyaları, habelə 2 avtomobildən akkumulyator oğurlayıb.
İstintaq araşdırması zamanı Rauf Əliyevin daha bir neçə cinayəti üzə çıxıb. Onun ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədən təmir-tikinti alətləri və məişət əşyaları, 2 avtomobildən akkumulyator, maqnitofon və səsgüçləndirici oğurlaması da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.