Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Cəlil Quliyev ifadə verib.
O bildirib ki, bacısı qızı Mehriban İmanova ev almaq üçün ondan borc pul alıb: “Mən də təxminən hissə-hissə ona 2500 manat verdim. Başqa işlərdən xəbərim yoxdur, təqsirləndirilən şəxsi tanımıram. Mehribam İmanova mənə dedi ki, bizə jurnalistlərin binasından ev verəcəklər”.
Digər zərərçəkmiş Natiq Şıxıyev jurnalistlərin binasından ev almaq üçün maşınını sataraq, 23 min manat pulu Gündüz Hüseynova verdiyini deyib: “Qəzetdə işləyirdim, fəaliyyətim olmasa da, mənə vəsiqə verilmişdi. Amma məni aldatdı. Hər dəfə soruşanda deyirdi ki, jurnalistlərə hələ ev verilməyib”.
Zərərçəkmişin sözlərinə görə, onda “Zaman press” qəzetinin vəsiqəsi olub. Amma jurnalist kimi fəaliyyət göstərməyib. Vəsiqəni ona Gündüz Hüseynov verib.
İttihama görə, Gündüz Hüseynov öz içilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu almaqda ittiham olunur.
Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
“Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.