29 Mart 2018 09:59
2 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz azadlıqdan məhrum etmə, dələduzluq və digər cinayətlər törətməkdə ittiham olunan Samux rayon sakini, 1983-cü il təvəllüdlü Rafiq İsmayılov, Sumqayıt şəhər sakinləri – 1989-cu il təvəllüdlü Cabir Mirzəliyev və 1988-ci il təvəllüdlü Elşən Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rafiq İsmayılov 18 may 2012-ci il tarixdə tanışları Famil Həsənov, Anar Həsənov və Rüstəm Rüstəmov ilə qabaqcadan əlbir olub.

Onlar şəxsiyyəti istintaqa dəqiq məlum olmayan “Rafiq” adlı Şirvan şəhər sakinindən əldə etdikləri 6200 manat saxta puldan Cəlilabad şəhərinin ticarət obyektlərində və bazarda ödəniş vasitəsi kimi istifadə ediblər.

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində saxlanıldıqları üçün, iradələrindən asılı olmayan səbəblərə görə cinayət əməllərini həyata keçirə bilməyiblər.

Dəstə üzvləri - Famil Həsənov, Anar Həsənov və Rüstəm Rüstəmov həmin dövrdə həbs edilərək, mühakimə olunsalar da, Rafiq İsmayılov cinayət məsuliyyətindən yayınaraq öz əməllərini davam etdirib.

İnternetdən başlayan dələduzluq

Bundan başqa, Cabir Mirzəliyev “AFN Transport” MMC-dən icarə müqaviləsi əsasında Zaur Məmmədovun adına 3 gün müddətinə icarəyə götürdüyü “Toyota Land Cruiser Prado” markalı avtomobili satmaq məqsədi ilə internet saytında elan verib.

Elan əsasında Cabir Mirzəliyev Elvin Qurbanovla 1 aprel 2013-cü il tarixdə Binəqədi rayonunda yerləşən “Duz gölü”nün yaxınlığında görüşüb. Ona özünü Ruslan kimi təqdim edib və həmin avtomobili ona satacağına söz verib, beh kimi həmin vaxt qüvvədə olan məzənnə ilə 200 ABŞ dolları alıb.

Cabir Mirzəliyev aprelin 2-də saat 10 radələrində Elvin Qurbanovla telefonla əlaqə saxlayıb və “Nizami” metrosu yaxınlığında görüşmək barədə razılığa gəlib. Saat 11 radələrində Elvin Qurbanovla vədələşdikləri yerdə görüşüb.

Cabir Mirzəliyev avtomobilin yaxınlıqdakı evdə yaşayan bacısının adına olduğunu bildirib və Elvin Qurbanovdan 15700 dollar alıb. O, alqı-satqının notariat kontorunda rəsmiləşdirilməsi üçün bacısından avtomobilin sənədlərini götürərək, tezliklə qayıdacağını vəd verib və oradan gedib.

Pul və borcu və girov götürmə

Daha sonra Rafiq İsmayılov və Cabir Mirzəliyev şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfərlə də əlbir olub. Onlar Kamran Səfərəliyevin 10.000 ABŞ dolları məbləğində borcunu ödəmək üçün 28 avqust 2013-cü il tarixdə Sumqayıt şəhərinə gəlmiş qardaşı Namiq Səfərəliyevi 6-cı mikrorayon ərazisindəki “Muğan” çay evinə aparıblar.

Çay evində Namiq Səfərliyev qardaşının borcundan 500 dollar gətirdiyini bildirib. Onlar Namiqdən borcun 2500 dollarını ödəməyi tələb ediblər.

Yaranmış mübahisəni aydınlaşdırmaq adı ilə Rafiq İsmayılov Namiq Səfərliyevi aldadaraq 17-ci mikrorayonda yerləşən “Nur” şadlıq sarayının yaxınlığındakı Cabir Mirzəliyevin icarə əsasında işlətdiyi çay evinə aparıb. Orada Namiqi avqustun 29-da saat 2 radələrindən saat 11-ə qədər həmin çay evində saxlayıb.

Borcun 2000 manatı Namiq Səfərəliyevin xahişi ilə dostu Elnur Qasımov tərəfindən “Muğanbank” ASC-nin Sumqayıt şəhər filialına köçürülüb. Qalan borcunu yaxın vaxtlarda ödəyəcəyinə söz verəndən sonra Namiq Səfərəliyevi sərbəst buraxılıb.

Bundan başqa, Rafiq İsmayılov Cabir Mirzəliyev və Elşən Cəfərovla birlikdə Namiq Səfərəliyevə məxsus “Toyota Land Cruiser Prado” markalı avtomobil ələ keçirmək qərarına gəliblər. 29 avqust 2013-cü il tarixdə onun qardaşı Kamran Səfərliyevin borcunun qalan 7500 dollarının ödənilməsi müqabilində avtomobilini girov qoymağı təklif ediblər.

Girov saxladıqları avtomobili saxta sənədlə satdılar

Namiq Səfərəliyev təkliflə razılaşıb və avtomobili Sumqayıt şəhərində yerləşən “Muğan” çay evinin qarşısına qoyaraq Quba rayonuna gedib. Sonra Rafiq İsmayılov Namiq Səfərliyevin avtomobilində qalan şəxsiyyət vəsiqəsini Elşən Cəfərovla birlikdə götürüb və həmin gün Qubadlı rayon dövlət notariat kontoruna gediblər.

Elşən Cəfərov zahiri oxşarlığından istifadə edərək, özünü Namiq Səfərəliyev kimi təqdim edib. Beləliklə, o, notariat kontorunda Namiq Səfərəliyevin əvəzinə rəsmi sənədə saxta imza atıb. Həmin etibarnamə vasitəsi ilə notariat kontorunda avtomobili Namiq Səfərliyevin adından Cabir Mirzəliyevin adına keçirilib.

Namiq Səfərəliyevə məxsus 24 min manat dəyərində “Toyota Land Cruiser Prado” markalı avtomobili saxta sənəddən istifadə etməklə satmaq qərarına gəliblər. Onlar Elmir Qasımov adlı müştəriyə avtomobilin Cabir Mirzəliyevə məxsus olduğunu deyiblər.

Avqustun 31-də saxta etibarnamədən istifadə etməklə 3-cü mikrorayonun ərazisində yerləşən 4 saylı notariat kontorunda avtomobili 29600 dollara Elmir Qasımova satıblar.

Bundan əlavə, Cabir Mirzəliyev istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq zavod üsulu ilə hazırlanmış “İJ-18E” modelli, “T49649” nömrəli ov tüfəngi və 4 ədəd patron əldə edib və üzərində saxlayıb.

İstintaq orqanı tərəfindən Rafiq İsmayılova qarşı Cinayət Məcəlləsinin 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma), Cabir Mirzəliyevə qarşı 145.2.4, 178.3.2 320.1-ci və 228.1-ci (qanunsuz silah gəzdirmə), Elşən Cəfərov qarşı isə 178.3.2 və 320.1-ci maddələri ilə ittiham elan edilib.

“Pulu mənə verməli olduğunu dedim”

Təqsirləndirilən şəxs qismində dindirilən Rafiq İsmayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, iş üzrə zərərçəkmiş şəxs Namiq Səfərəliyevi Gürcüstanlı Rafiq adlı tanışı vasitəsi ilə tanıyıb: “Təxminən 2013-cü il avqustun ortalarında Rafiq Rusiya Federasiyasından mənə zəng edərək, Quba rayonunun 2-ci Nügədi kənd sakini Namiq adlı şəxsin ona 11 min dollar borcu olduğunu dedi. Namiqin həmin pulu mənə verəcəyini bildirdi.

Gürcüstanlı Rafiqin də mənə 11000 dollar borcu olub. Buna görə də Namiqə həmin pulu borc əvəzinə mənə verməli olduğunu dedim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Namiq Səfərəliyev ona zəng edib: “O, Gürcüstanlı Rafiqlə danışdığını və onun da 11 min dolları mənə verməyi tapşırdığını söylədi. Namiqdən nə vaxt görüşə biləcəyimizi soruşdum. Məni bir neçə dəfə aldadandan sonra, nəhayət, Sumqayıt şəhərində “Dədə Qorqud” restoranının yanında görüşdü. Namiq mənə 500 ABŞ dolları verdi, qalan pulu da bir-iki saata düzəldərək gətirəcəyini bildirdi. Razılaşdıq. Bir neçə saatdan sonra Namiq zəng edərək, pulu düzəldə bilmədiyini, özünün mənə zəng vuracağını bildirdi”.

“Pulu göndərəcəyini söylədi”

Rafiq İsmayılov qeyd edib ki, daha sonra Namiq ona zəng vurub və pulu düzəldə bilmədiyini deyib: “Pulu düzəldən kimi özü mənə zəng vuracağını bildirdi. Bundan sonra Namiqə bir neçə dəfə zəng vursam da, zənglərimə cavab vermədi.

Sonradan özü mənə zəng vurdu və Rusiyaya getdiyini, pulu oradan göndərəcəyini söylədi. Amma pul vermədi. Bir neçə gün sonra Namiq Qubadan zəng vurdu, bildirdi ki, sabah Sumqayıtda görüşərik. Lakin həmin gün polislər tərəfindən saxlanıldığımdan Namiqi görə bilmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Cabir Mirzəliyevi tanımır: “Onunla əlbir olmamışam. Namiq Səfərəliyevi heç bir yerdə məcbur saxlamamışam. Cabir Mirzəliyev və Elşən Cəfərovla əlbir olaraq Namiq Səfərəliyevə məxsus “Land Cruiser Prado” markalı maşını ələ keçirməmişəm. Mənim bu işdən ümumiyyətlə xəbərim yoxdur”.

Rafiq İsmayılov dələduzluq və dələduzluğa cəhd ittihamları üzrə də özünü təqsirli bilməyib.

O, illər əvvəl məhkum olunmuş Famil Həsənov, Anar Həsənov və Rüstəm Rüstəmov adlı şəxsləri də tanımadığını deyib: “Heç vaxt Cəlilabad rayonunda olmamışam, həmin rayonda 6200 manat məbləğində saxta puldan ödəniş vasitəsi kimi istifadə etməmişəm”.

“Borcu ödəyəcəyimə söz verdim”

Zərərçəkmiş şəxs qismində dindirilən Namiq Səfərəliyev bildirib ki, qardaşı Kamran Səfərəliyevin Rusiyada yaşadığı vaxtlarda Rafiq adlı şəxsə 10 min dollar borcu yaranıb: “Onlar öz aralarında həmin borcun hissə-hissə ödənilməsi barədə razılığa gəliblər. İyulun 25-də qardaşı Kamran Rusiyadan Quba rayonuna qayıtdı. Təxminən avqustun 20-də həmkəndlimiz Ağalar mənə zəng edərək, Sumqayıt şəhərindən bir neçə nəfər şəxsin gəlib, qardaşımın borcuna görə məni axtardıqlarını dedi.

Dərhal zəng edərək, bu barədə qardaşıma məlumat verdim. Qardaşım isə həmin uşaqlar və əmisi Nazimlə bərabər kəndin kənarındakı Çənlibel kafesində olduqlarını dedi. Mən də bir saatdan sonra həmin kafeyə getdim.

Qardaşımın borcuna görə Qubaya gələnlər Gəncəli Rafiq, Murad, Siyəzənli Rafiq, İlham adlı şəxslər, həmçinin bir nəfər lal oğlan idi. Öz mobil telefonumdan Rusiyanın Sverdlovsk vilayətinin NijniTaqil şəhərində yaşayan Rafiqin mobil nömrəsinə zəng etdim.

Həmin vaxt Rafiqin mobil telefonu söndürüldüyündən mənimlə danışmaq mümkün olmadı. Buna görə də Gəncəli Rafiq və onun yanında olan uşaqlar getdilər.

Təxminən 6-7 gündən sonra Sumqayıtdan Rafiq və Murad zəng edərək məndən qardaşımın borcunu tələb etdilər. Mən isə Rusiya Federasiyasında yaşayan Rafiqin icazəsindən sonra qardaşımın borcunu özüm ödəyəcəyimə söz verdim”.

İllər əvvəl baş verən cinayətlərlə bağlı cəzalar

Namiq Səfərəliyev daha sonra ifadəsində Sumqayıt şəhərində çay evində girov saxlanılmağından, sonradan avtomobilinin girov götürülməsindən danışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq İsmayılov 10 il 5 ay 27 gün, Cabir Mirzəliyev 10 il, Elşən Cəfərov 7 il 5 ay 24 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Rafiq İsmayılovun cəzası 9 il 5 ay 27 gün, Cabir Mirzəliyevin cəzası 7 il 2 günə, Elşən Cəfərovun cəzası isə 4 il 5 ay 24 gün müddətinə endirilib.


Müəllif: Hacı Zeynalov