15:18
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Arif Alışanovun vəkili təqsirləndirilən Şücayət Əkbərova suallar verib.
Şücayət Əkbərov vəkilin suallarına cavab verməkdən imtina edib. O, Arif Alışanovun məhkəməyə gəlməsini, bundan sonra qarşı tərəfin ünvanlandığı suallara cavab verəcəyini deyib.
Şücayət Əkbərov qeyd edib ki, Arif Alışanova qarşı sui-qəsd etməyib: “Mənim silahım olmayıb. Bunların hamısı qondarma ittihamlardır. Nə mütəşəkkil dəstə yaratmışıq, nə də başqa bir qanunsuz hərəkət etmişik”.
Daha sonra Şücayət Əkbərov digər vəkillərin suallarını cavablandıb. O, qeyd edib ki, təqsirləndirilən Aqşin Hüseynov fəhlə kimi yanında çalışıb: “Mən əvvəlki vəkillərimdən imtina etdim. Biri “piyaniska” idi, digəri isə Arif Alışanova işləyirdi. Mən Arif Alışanovu öldürsəydim, bunu çoxdan etmişdim. İndi Alışanovun dağlarda heç sümükləri də tapılmazdı. Ax,ı mənim belə fikrim yox idi”.
Şücayət Əkbərov AzTV sədri ilə münasibətlərinin pozulmasına Arif Alışanovun sürücüsü Hacı Babayevin səbəb olduğunu bildirib. Onun sözlərinə görə, Alışanovun Şamaxıya birlikdə gəldiyi qızın ölümündən sonra münasibətləri daha da kəskinləşib: “Bunlar hamısı o fındıqburun qız öləndən sonra baş verdi”.
Şücayət Əkbərov Arif Alışanovun arvadının, qızının və sürücüsü Hacı Babayevin adına Şamaxıda 335 hektar torpaq sahəsi olduğunu deyib.
***
Daha sonra digər təqsirləndirilən Qocalı Cəbiyev sərbəst ifadə verib.
Təqsirləndirilən şəxs qeyd edib ki, ona qarşı irəli sürülən ittiham yalandır. Şücayət Əkbərovla Şamaxı rayonunda eyni kənddə yaşadıqlarını deyən Qocalı Cəbiyev bildirib ki, onunla iki il əvvəl pul üstündə mübahisəsi olub, polisə düşüblər.
Dövlət ittihamçısı Fərid Nağıyevin suallarına cavabda Qocalı Cəbiyev deyib ki, Şücayət Əkbərova torpaq sahəsi satıb, pulunu ala bilməyib: “Bu səbəbdən də aramızda mübahisə yarandı”.
Qocalı Cəbiyev Arif Alışanovu tanımadığını, heç vaxt onu görmədiyini deyib. Arif Alışanovu öldürməyə cəhd etməsi barədə ibtidai istintaqa verdiyi etirafedici ifadələri təkzib edib.
Növbəti proses aprelin 6-da davam edəcək.
İttihama görə, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.
Sücayət Əkbərov yaxın münasibətlərdə olduğu Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə Arif Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib.
Bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. 2016-cı ilin dekabrn 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməyi sifariş verib.
Lakin dəstə üzvləri məlum olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyiblər.
Bundan başqa, Şücayət Əkbərov 2016-cı ilin dekabrında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Qocalı Cəbiyevə yenidən tapşırıq verib. Qoçalı Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Zöhrab Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.
Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Qoçalı Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.
Lakin Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu xəbərdan etməyə imkan tapmayıb.
Sücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Zöhrab Şirinova verib.
Təqsirləndirilən şəxs 2016-ci ilin yanvarın 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.
Lakin yenə planları baş tutmayıb.