Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində təqsirləndirilən Şücayət Əkbərovun qızı Cəmilə Ağayeva ifadə verib.
O bildirib ki, Arif Alışanovla 10-15 illik ailəvi dostuluq münasibətləri olub. Onun sözlərinə görə, təqsirləndirilən Aqşin Hüseynov onların evində çalışıb: “O, su, daş daşıyırdı. Arif Alışanov bizə tez-tez gəlib-gedirdi. Özüm də AzTV-də işləmişəm. Daha əvvəl Binəqədi rayon İcra Hakimiyyətində çalışmışam”.
Şahid bildirib k, ibtidai istintaq zamanı ifadə verən zaman həmin ifadəni oxumadan imzlalayıb: “Həmin ifadə ilə razı deyiləm. Axı Xırdalandakı evi atam almayıb, babamdan pay qalıb. “Prodo” markalı maşını da atam mənə almayıb, həyət yoldaşımla birgə almışam”.
Şahid qeyd edib ki, atasının maddi imkanı həmişə yaxşı olub.
Şahid qeyd edib ki, atasını Arif Alışanovun tutdurmağına səbəb borc pulla bağlı olub. Onun sözlərinə görə, Arif Alişanovun atasına 1 milyondan çox borcu olub, həmin pulu qaytaramaq məqsədilə bu cinayət planını qurub.
Növbəti proses iyunun 8-də davam edəcək.
İttihama görə, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.
Şücayət Əkbərov yaxın münasibətlərdə olduğu Qoçali Cəbiyev, onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə Arif Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib.
Bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. 2016-cı ilin dekabrn 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməyi sifariş verib.
Lakin dəstə üzvləri məlum olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyiblər.
Bundan başqa, Şücayət Əkbərov 2016-cı ilin dekabrında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Qocalı Cəbiyevə yenidən tapşırıq verib. Qoçalı Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Zöhrab Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.
Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Qoçalı Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, onu cinayətin törədiləcəyi vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumatlandırıb.
Lakin Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu xəbərdar etməyə imkan tapmayıb.
Şücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Zöhrab Şirinova verib.
Təqsirləndirilən şəxs 2016-ci ilin yanvarın 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.
Lakin yenə planları baş tutmayıb.