Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının sabiq müəllimi Ələddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncənin Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Ələddin Məmmədov 2011-ci ildə zərərçəkmiş Sevil Məmmədovanın nəvəsi Aytən Nəbiyevanı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qəbulu zamanı təhsil haqqı adı ilə ondan 12000 manat pul alıb.
Bundan sonra Aytən Nəbiyeva Gəncə şəhərində kirayə evdə qalaraq 4 il həmin Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında təhsil alıb. 4 il ərzində hər il təhsil haqqı olaraq 1500 manat pul ödəyiblər, buna dair qəbzlər verilib.
4 il ərzində hər altı aydan bir Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov imtahan adı ilə onlardan 500 manat alıb. Sonradan diplomun verimə zamanı gələndə Sevil Məmmədovaya məlum olub ki, Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, onların külli miqdarda pullarını ələ keçirib.
Bundan başqa, cinayət işi üzrə daha 13 nəfər zərərçəkmiş şəxs qismində tanınıb, Ələddin Məmmədov onları da eyni üsulla aldadıb.
İstintaq orqanı tərəfindən Ələddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Ələddin Məmmədov özünü təqsirli bilməyib.