Həyat yoldaşını intihar həddinə çatdırmaqda və xuliqanlıqda ittiham olunan Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Daşqın Nəhmətovun barəsində hökmdən verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Daşqın Nəhmətov Ülkər Həsənovla 1994-cü ildə ailə qurub. Onların birgə nikahından iki uşaq olub.
Daşqın Ülkəri özündən asılı vəziyyətə salmaqla rayonun İkinci Yeddioymaq kəndində yaşadıqları evdə müxtəlif bəhanələr gətirərək fiziki və psixi zor tətbiq edib .
Daşqın Nəhmətov həyat yoldaşına 2013-2014-cü illər ərzində, həmçinin 2015-ci ilin mart-oktyabr aylarında dəfələrlə qızları Humra Nəhmətovanın, eləcə də qonşuların gözü qarşısında nümayişkaranə şəkildə saçından tutaraq sürüyüb.
Daşqın Nəhmətov həyat yoldaşının əxlaqsız hərəkətlər etmək üçün başqa şəxslərlə görüşə getməsini bəhanə gətirib, onu işləməyə qoymayıb. Hər gün həyat yoldaşını söyərək təhqir edib.
Ülkər Nəhmətova dəfələrlə məcbur qalaraq atası evinə gedərək orada qalıb. O bu hərəkətləri ilə Ülkər Nəhmətovanı özünü öldürmə həddinə çatdırıb. Ülkər Nəhmətova əri Daşqın Nəhmətovun bu cür təhqirlərinə, ləyaqətini mütəmadi olaraq alçaltmasına dözməyib.
O, 17 oktyabr 2015-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin arxa tərəfində yerləşən təndirxanada baş örtüyü ilə özünü asaraq intihara cəhd edib.
Bundan başqa, Daşqın Nəhmətov 6 oktyabr 2015-ci il tarixdə, saat 22 radələrində həyat yoldaşı Ülkər Nəhmətova ilə yaşadığı evin həyətində uca səslə nalayiq ifadələr işlətməklə mübahisə edib.
Daha sonra Daşqın Məhmətov Ülkər Nəhmətovanı qaynı Fəttah Həsənovun evinə apararıb. Orada Daşqın əlindəki bıçaqla qohumu Nəzakət Həsənova ilə yanaşı, oradakı digər şəxslərin də üzərinə gedib. Onun hərəkətlərinin qarşısını almaq istəyən Fəttahın oğlu Xələfin önündə bıçağı sağa-sola hərəkət etdirib.
Daşqın Nəhmətov Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib.
Masallı rayon Məhkəməsinin hökmü ilə Daşqın Nəhmətov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən prokurorluq narazı qalıb və apelyasiya protesti verib.
Prokuror Daşqın Nəhmətovun barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorluğun şikayəti təmin edilməyib.
Bundan sonra prokuror Ali Məhkəməyə kasasiya şikayəti verib. Bir müddət əvvəl Ali Məhkəmədə prokurorun protestinə baxılıb və təmin edilib. Hakim heyəti işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
Şirvan Apelyasiya Məhkəməsində işə bu dəfə hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti prokurorun protestini təmin edib və Daşqın Nəhmətovun cəzası 2 il artırılıb.
Bu qərardan narazı qalan Daşqın Nəhmətov kasasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Bu gün Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrlik etdiyi kollegiyada kasasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.