Bakıda vətəndaşlara qarşı dələduzluqdatəqsirləndirilən Şatl MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Şatl MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxov vətəndaşlara ev almaq adı ilə onların etibarından sui-istifadə edərək 210 min manat dələduzluq edib.
İş üzrə iki zərərçəkən var. Onlara nə istintaq dövründə, nə də məhkəmənin gedişi zamanı dəymiş zərər ödənilməyib.
Sərvər Şeyxov Cinayət Məcəlləsinin 178.3.2- ci (külli miqdarda zərər vurmaqla dələduzluq törərmək) maddəsi ilə ittiham edilib. O, əvvəllər də dələduzluq əməli ilə məhkumluq yaşayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərvər Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmişlərin təqsirləndirilən şəxsə qarşı qaldırdığı mülki iddia da təmin edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sərvər Şeyxovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, daha sonra qərar elan edilib.
Qərara görə, Sərvər Şeyxovun apelyasiya şikayəti təmin edilməyib.