Ermənistanın yeni hökumətinin “vor zakonları” həbs etdiyi vaxtda Rusiyada iki erməni kriminal avtoritet həbsxanandan azad edilib.
Teleqraf.com xəbər verir ki, azadlığa çıxanlar 52 yaşlı Ruben Kosyan (Ruben İvanovski) və 40 yaşlı Arsen Mkrtçyandır (Arsen Yerevanski).
Arsen kriminal aləmdə "Qara ağacdələn" kimi tanınır. Hər iki avtoritet cəzalarını başa vurub.
Ruben və Arsen polislərin çoxdan izlədiyi, ancaq həbs edə bilmədikləri “qanuni oğrular” siyahısına aiddir. Təəccüblü deyil ki, onlar indiyə kimi yalnız bir dəfə həbs ediliblər.
Ruben Kosyanın təsir sahəsi İvanosk vilayəti, Arsen Mkrtçyanınkı isə Kalujskdır.
Mkrtçyan sağlamlığı ilə əlaqədar ona verilmiş cəzanın 2 il 10 aylıq hissəsindən azad edilib. Ancaq həkimlərin səhhəti ilə əlaqədar ona qoyduğu ölümcül diaqnoz Mkrtçyana “Mercedes-Benz W222” avtomobilini idarə etməyə mane olmayıb.