23 İyul 2018 16:50
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada 4 yaşlı uşağın ölümündə təqsirli bilinən Lalə İsrafilova nın barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Bu barədə Teleqraf.com-a Lalə İsrafilovanın vəkili Əli Hüseynov deyib.

O bildirib ki, şikayətdə hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılması istəyib.

Yaxın günlərdə şikayət üzrə Sumqayıt Apelyasiya Məhkəməsində araşdırma aparılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lalə İsrafilova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, o, məhkəmə iclas zalında həbs edilib.

İttihama görə, 2017-ci il mayın 9-da Quba rayonunun Bərqov kəndində 2013-cü il təvəllüdlü Fuad Mustafazadə ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü Lalə İsrafilovanın həyətinə icazəsiz daxil olub.

Azyaşlı həyətdəki gülləri yolub, Lalə İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün Lalə İsrafilova onu qovub.

Fuad Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər