Zərdabda özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj edən Qənimət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, Qənimət Məmmədovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Camal Ramazanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 30-na təyin olunub.
İttihama görə, Zərdab rayon sakinləri – Faiq Mürsəliyev, Bəxtiyar Fətəliyev, Sadiq Məmmədov və Anar Qurbanov Zərdab rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, rayon sakini Qənimət Məmmədovun onların barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb etdiyini bildiriblər.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü müxbir kimi qələmə verən Qənimət Məmmədov tutularaq istintaqa təhvil verilib.
İlkin araşdırma zamanı məlum olub ki, Qənimət Məmmədov Ucar rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan rayon sakinləri – Elvin İsgəndərli, Rəhim İbrahimli və Müşfiq İbrahimovu sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələyərək onlardan müxtəlif məbləğdə pul tələb edib.
İstintaq orqanı tərəfindən Qənimət Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.