11 Oktyabr 2018 10:21
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Sahib Şükürovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə Sahib Şükürovun anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Sahib Şükürovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

O, apelyasiya şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Növbəti proses oktyabrın 22-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Şükürov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sahib Şükürov, ümumilikdə, 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinib.

İttihama görə, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanı isə qızının cinayət işinə xitam verdirəcəyi vədi ilə aldadaraq onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

Sahib Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Məlum olub ki, Sahib Şükürov 1958-ci ildə Sabirabad rayonunda anadan olub, hazırda Bakı şəhərində qeydiyyatdadır.

Sahib Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.

Xatırladaq ki, zərərçəkmiş Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub. Həmin şəxslər qohumları Rasim Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Quliyev 11 il, anası Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər