Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbov barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Teleqraf.com xəbər verir ki, Müsənnif Talıbov Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddələri ilə ittiham edilir.
İttihama görə, Müsənnif Talıbov qonşusunun atasını həbsdən azad edəcəyini və onun torpaq sahəsinə dövlət qurumundan sənəd əldə edəcəyi vədi verib.
Bunun müqabilində Müsənnif Talıbov ümumilikdə 30 min manat alıb.
qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Sübahir Qurbanov MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Elşad Əzizovla birlikdə mühakimə olunub.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Teymur Quliyev 12 il, Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.