Bakının Sabunçu rayonunda “Araz” supermarketində qətl törədən 1997-ci il təvəllüdlü Surxay Əliyevin barəsində həbs qətimkan tədbirinin uzadılmasını nəzərdə tutan istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
Surxay Əliyevin barəsində əlavə istintaq hərəkətləri aparılması üçün həbs qətimkan tədbirinin müddəti 2 aya qədər uzadılıb.
İttihama görə, bu ilin iyunun 20-də Maştağa qəsəbəsində bir neçə nəfər arasında dava zamanı 1997-ci il təvəllüdlü Kənan Səlimov və onun dostu Vüqar Hüseynzadə bıçaqlanıb.
Vüqar hadisə yerində ölüb, Kənan isə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Surxay Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.
Məlum olub ki, Vüqar Hüseynzadə Maştağa sakini Surxay Əliyev və Zabrat sakini Kənan Səlimov iş gününün sonunda səhər baş verən münaqişəyə aydınlıq gətirmək üçün işlədikləri “Araz” supermarketinin arxasına keçiblər.
Orada, bankomatın yaxınlığında gənclər arasında dava düşüb. Surxay Əliyev bıçaqla Vüqar Hüseynzadəyə hücum edib.
Kənan Səlimov dostlarını ayırmağa çalışsa da, Surxay Əliyev ona da bıçaq zərbəsi vurub.
İstintaq orqanı tərəfindən Surxay Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Hazırda Sabunçu rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.