Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Qalib Kərimovun ömürlük, Vüsal Rüstəmov və Firudin Axverdiyevun hər birinin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses noyabrın 6-da davam edəcək.
İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradıb və Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girib, onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar.
Bundan başqa, dəstə üzvləri əvvəlcədən hazırladıqları plan üzrə İlqar Məmmədovun topdansatış mərkəzinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızıl-zinət əşyaları götürüblər.
Qətlə yetirilən İlqar Məmmədov Xaçmazda ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.