Bakıda aptekə bıçaqla basqın etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Aygün Əliyevanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Aygün Əliyevanın cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aygün Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.
Məlum olub ki, Aygün Əliyeva daha əvvəldə məhkumluq həyatı yaşayıb.
İstintaq orqanı tərəfindən Aygün Əliyevanın barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.