22 Noyabr 2018 15:24
2 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunan Gürcüstan vətəndaşları Giorgi Gatenadze, Teimurazi Kobakhidze, Mogeli Gelaşvili və Rafaeli Xubelaşvilinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Giorgi Gatenadze Azərbaycan paytaxtında həmyerliləri Teimurazi Kobakhidze, Mogeli Gelaşvili və Rafaeli Xubelaşvili ilə birlikdə mütəşəkkil dəstə qurub. Onlar Bakıda sifarişlə adam oğurluğu, işgəncə vermə və digər ağır cinayətlər törədiblər.

Gürcü bandası

Belə ki, Giorgi Gatenadze həmyerliləri Teimurazi Kobakhidze, Mogeli Gelaşvili, şəxsiyyəti istintaq zamanı müəyyən edilməyən “Timuri Tsinaridze” deyilən şəxs ilə birlikdə həmyerliləri Valeri Meladzeni (cinayət işində adı keçən zərərçəkmişin ad və soyadı şərti verilib – red.) mütəmadi olaraq döyüblər.

İstintaq sənədlərinə görə, şəxsiyyəti müəyyən edilməyən Timuri Tsinaridzenin sifarişi ilə dəstə üzvləri 11 noyabr 2014-cü ildə, günorta saatlarında Valerinin yaşadığı Səbail rayonu, Səməd Vurğun küçəsində olan evinə gəliblər.

Onlar mənzildə Valerinin əl və ayaqlarını oturacağa bağlayıb döyüblər.

Zirzəmidə vəhşilik

Daha sonra dəstə üzvləri Valeriyə işgəncə veriblər, onun azad olunması üçün pul tələb ediblər. Həmin vaxt Giorgi Gatenadze Valeriyə bıçaq göstərməklə, onu qulağını kəsəcəyi ilə hədələyib.

Belə olan vəziyyətdə dəstə üzvləri “Skayp” vasitəsilə Valerinin görüntülərini arvadı İrma Gurçianiyə göstərərək ondan 10.000 ABŞ dolları (11.454 manat təşkil edən) və 7.000 Gürcüstan larisi (3300 mdndt) tələb ediblər.

Daha sonra dəstə üzvləri Valerinin arvadının polisə müraciət edəcəyindən ehtiyatlanıblar. Onlar Valerini noyabrın 13-də, axşam saatlarında Səbail rayonu, Səməd Vurğun küçəsindəki binalardan birinin zirzəmisinə gətiriblər.

İşgəncə verib pul tələb etdilər

Gürcüstan vətəndaşları həmyerliləri Valerini noyabrın 14-də axşam saatlarına kimi orada saxlayıblar. Bu müddət ərzində dəstə üzvləri orada Valerini döyüb, işgəncə veriblər, pulun qısa zamanda çatdırılmasını tələb ediblər.

Valerinin oğurlanması və işgəncəyə məruz qalması ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinə məlumat verilib. Nazirliyin keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı cinayətkar qrupun üzvləri həmin ünvanda saxlanılıblar. Girov kimi saxlanılan Valeri azad edilib.

6 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə əzab vermə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.4 –cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) 144.3-cü (adam oğurluğu) və 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Gürcülərin cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Giorgi Gatenadze 12 il, Teimurazi Kobakidze 12 il, Mogeli Gelaşvili 12 il və Xubelaşvili Rafaeli 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin təyin olunmuş azadlıqdan məhrum etmə cəzası çəkildikdən sonra onların Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qərara alıb.

Hökmdən narazılıq

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində barələrində həbs olmayan cəza növünün tətbiq edilməsini istəyiblər.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. Onların kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Giorgi Gatenadze və Teimurazi Kobakhidzenin kasasiya şikayəti qismən təmin olunub.

Onların hər birinin cəzası 11 il 6 aya endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər