3 Dekabr 2018 16:51
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçi Azər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Samirə Quliyeva ifadə verib.

O qeyd edib ki, bağçaya dayə kimi işə düzəlmək məqsədilə təqsirləndirilən şəxslərə 1200 manat məbləğində pul verib: “Pulumu indiyədək qaytarmayıblar, buna görə mənə vurulan ziyanın ödənilməsini tələb edirəm”.

Daha sonra ifadə verən digər zərərçəkmiş Şəhla Heydərova deyib ki, işə düzəlmək üçün Tərlan Bağırova 4 min manat pul verib. Onun sözlərinə görə, hələ də ona dəyən ziyan ödənilməyib.

Təqsirləndirilən Aləmzar Əliyeva zərərçəkmişə sual vermək istəyərkən digər təqsirləndirilən Tərlan Bağırova ona mane olub.

Tərlan Bağırova iddia edib ki, pul ona yox, Aləmzara verilib. Aləmzar Əliyeva isə bunu inkar edib.

O, zərərçəkmişdən pul almadığını deyib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb.

Hakim tərəfləri sakitləşdirib, onları iltizama dəvət edib.

Növbəti proses dekabrın 10-da davam edəcək.

İttihama görə, Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyev rüşvət almaqda, dələduzluq etməkdə təqsirli bilinirlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər