Sumqayıt şəhərində qətl törətməkdə təqsirləndirilən Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı yanvarın 7-nə təyin edilib.
İttihama görə, bu il avqustun 20-də Sumqayıt şəhər ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla həmin gün şəhər ərazisində Rəşid Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.
Onlar Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Təqsirləndirilən şəxslərdən Yadigar Bayramovun barəsində həbs qətimkan tədbiri, Digərləri polis nəzarəti altında qətimkan tədbiri seçilib.