Bakıda keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Etibar Qəhrəmanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl hadisəsi bu ilin avqustunda paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində baş verib.
1974-cü il təvəllüdlü Etibar Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Orucəli Xanzadəni bıçaqlayaraq qətlə yetirib.
İstintaq araşdırması zamanı onların hər ikisinin əvvəllər məhkum olunduqları üzə çıxıb.
Məlum olub ki, Etibarla Orucəli Xanızadə kafedə yeyib-içiblər. Keflənən dostlar sonra türmə xatirlərini danışmağa başlayıblar.
Etibar ondan türmədə baş verənləri danışmamağı xahiş edib. Bildirib ki, başqa söhbət danış, içərini sən də görmüsən, mən də... Orucəli ona təhqiramiz cavab verib.
Sonda həbsxana dostlarının mübahisəsi qanlı olayla nəticələnib.
İstintaq orqanı tərəfindən Etibar Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.