Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qısqanclıq zəminində qətl hadisəsi törətməkdə təqsirli bilinən Quba rayon sakini, 1989-cu il təvəllüdlü Hacıbaba Hacıyevin cinayət işi üzrə məhkəmə başlayıb.
İttihama görə, bu ilin fevralın 25-də Hacıbaba Hacıyev Nəsimi rayonunun 3-cü mikrorayon ərazisində 24 yaşlı Pərviz Abdullayevi bıçaqlayaraq öldürüb. Cavad Xan küçəsi, 34 saylı binanın qarşısında Hacıbaba Hacıyev tanışı Pərviz Abdullayevlə mübahisə edib. Gənclər arasındakı mübahisə sonradan böyüyərək bıçaq davasına çevrilib. Bu zaman Hacıbaba Hacıyev üzərində olan cib bıçağı ilə Pərvizi vurub. Pərviz xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Hacıbaba Hacıyev saxlanılıb. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, törətdiyi cinayət əməlini etiraf edib. Pərviz Abdullayevi yaxından tanıdığını deyən Hacıbaba Hacıyev onu bacısı ilə görüşdüyü üçün vurduğunu deyib.
Məhkəmə iclası sentyabrın 2-də davam edəcək.
Hacı Zeynalov