23 Fevral 2019 13:45
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qısqanclıq zəminində qızını öldürməkdə təqsirli bilinən 57 yaşlı İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesin qapalı keçirilməsi qərara alınıb.

Qapalı prosesdə prokuror ittiham aktını elan edib, daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qızını namus üstündə öldürdüyünü deyib.

Növbəti proses martın 7-də davam edəcək.

İttihama görə, ötən il iyulun 24-də Yasamal rayonunda ata gənc qızını qısqanclıq zəminində qətlə yetirib.

Hadisə rayonun Həsən Bəy Zərdabi küçəsində baş verib.

Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı İlqar Qurbanov rayondan Bakıya gələrək metronun "20 Yanvar" stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədli ilə görüşüb.

Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olublar. İlqar Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o, qızının əxlaqsız həyat tərzini əsas gətirib.

Buna görə də İlqar Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. Aysel Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.

Ərazidən uzaqlaşmayan İlqar Qurbanov həmin ünvana gələn Yasamal rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

İstintaqa ifadə verən İlqar Qurbanov törətdiyi cinayəti etiraf edib. O bildirib ki, qızı Aysel Məmmədlini namus üstündə ölüdürüb.

İlqar Qurbanovun ifadəsinə görə, qızı Ayselin paytaxtda əxlaqsızlıq etməsi, yüngül həyat tərzi keçirməsi barədə kənddə söz-söhbət gəzib:

“Bu səbəbdən Bakıya gəldim. Metronun “20 Yanvar” satansiyasının yaxınlığında qızımla görüşdüm. Ondan xoşagəlməz söz-söhbətin səbəbini soruşdum. Əvvəlcə deyilənləri inkar etdi. Amma sonra öz həyatını yaşadığını, heç kimin onun şəxsi həyatına qarışa bilməyəcəyini söylədi. Onun bu sözlərindən əsəbiləşdim. Bu səbəbdən özümdə olan bıçaqla onu vurdum”.

İlqar Qurbanov qeyd edib ki, əvvəlcə qızının boğaz nahiyəsinə, daha sonra qarın boşluğuna xəsarətlər yetirib.

Onun sözlərinə görə, orada qızının ölməsini gözləyib və sonra polisə təslim olub.

İstintaq orqanı tərəfindən İlqar Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov