22 Aprel 12:26
212

Rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı başa çatdırılıb.

Hakim çıxış etmək üçün prokurora söz verib.

Lakin prokuror çıxışa hazır olmadığını, məhkəmədən vaxt istədəiyini açıqlayıb.

Bu səbəbdən növbəti proses aprelin 29-na təyin edilib.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədovun anunsuz əməlləri ifşa edilib.

Belə ki, Ağa Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2.700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib.

Ağa Məmmədovun qeyd edilən məbləğdə pulu Elvin Manafovdan almasına dair əsaslı şübhələr müəyyən edilib, onun barəsində toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İstintaq orqanı tərəfindən Ağa Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (təkrar dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov