Bakıda mənzili bir neçə nəfərə satan "İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib. Onların əvvəlki cəzaları hazırkı cəza ilə birləşdirilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə istintaq zamanı "İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub, qulluq mövqeyindən istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manatı aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Qeyd edək ki, bundan əvvəl də hər iki şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar və məhkəmənin hökmü ilə Çingiz Məmmədovun 10 il, İsa Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib.