Bu gün İranın Qərbi Azərbaycan vilayətində polisin həyata keçirdiyi əməliyyat nəticəsində 2,1 ton narkotik vasitə müsadirə edilib.
Teleqraf.com xəbər verir ki, İranda narkotik vasitələrin qaçaqmalçılığına qarşı geniş mübarizə başlayıb.
Urmiya şəhərinin polis idarəsinin rəisi, general Şəmsəli Haqqveri jurnalistlərə bildirib ki, ilin əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 129 adam həbs edilib, qaçaqmalçılıqla məşğul olan 20 qrup zərərsizləşdirilib.
Xatırladaq ki, Əfqanistandan İrana qanunsuz yollarla gətirilən narkotik vasitələr Türkiyəyə, buradan isə Avropa ölkələrinə daşınır. İranın Qərbi Azərbaycan vilayəti isə Türkiyə ilə sərhədə yerləşir.
Bu gün, həmçinin Sistan-Bəlucistan vilayətində də polis əməliyyat keçirib və vilayətin Sərvan şəhərində 660 kiloqram tiryək müsadirə edib. Həbs olunanlar var. Hazırda istintaq aparılır.