8 İyun 2019 12:20
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda kriminal avtoritetin qətli ilə bağlı cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlayıb.

Qeyd edək ki, iyunun 7-də paytaxtın Binəqədi rayonunda "BMW X-5" markalı, 10 VT 117 dövlət nömrə nişanlı avtomobildə olan naməlum şəxslər eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı 99 LG 085 dövlət nömrə nişanlı avtomobilin qarşısını kəsərək avtomobildə olan şəxslərə odlu silahdan atəş açıb.

Nəticədə avtomobildə olan Mubariz Budaqlı baş nahiyəsindən iki güllə yarası alaraq hadisə yerində dünyasını dəyişib, avtomobilin sürücüsü Qədirov Nazim Rasim oğlu isə yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşa bilib.

Hadisəni törədən şəxslər "BMW X-5" markalı 10 VT 117 dövlət nömrə nişanlı avtomobillə qaçmağa cəhd etsələr də, bu, mümkün olmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən Vüsal Hüseynov və Taleh Cəlalov şübhəli şəxs qismində tutulub.

Həmçinin Taleh Cəlalovdan insident zamanı istifadə olunan tüfəng maddi sübut kimi götürülüb.

Fakt üzrə istintaq davam edir.

Mubariz Budaqlının kriminal avtoritet olduğu deyilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər