18 İyun 2019 14:30
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1991-ci il təvəllüdlü Valeh Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Valeh Məlikov Göytəpə şəhərində əmisi Məlik Məlikova məxsus “Qonaq evi” adlı kafeyə gəlib.

Bu zaman tanışı Mirqoşqar Mürsəlov da kafeyə gəlib, kafedən oğurluq edilməsi faktı ilə bağlı qardaşı Mirelnur Mürsəlov barəsində Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsinə verilmiş şikayət ərizəsini Valeh Məlikovdan geri götürməyi tələb edib.

Valeh Məlikov onunla razılaşmayıb. Bundan əsəbiləşən Mirqoşqar Mürsəlov Məlik Məlikovu kafedə olmuş şəxslərin yanında nalayiq ifadələrlə təhqir edib və hədələyib.

Valeh Məlikov kafedən çıxdıqdan sonra Mirqoşqar Mürsəlovdan haqq-hesab verməsini istəyib. Mirqoşqarı axtarmağa başlayıb və onu həmyerlisi Yaşar Kazımovun işlətdiyi ərzaq mağazasının qarşısında görüb.

Valeh Məlikov orada Mirqoşqar Mürsəlova yaxınlaşıb və ondan əmisinə qarşı etdiyi hərəkətlərə görə cavab verməsini tələb edib.

Mirqoşqar Valehi da söyüb təhdid edib. Qəzəblənən Valeh onu öldürmək qərarına gəlib. Bıçaqla Mirqoşqarın bədənin müxtəlif nahiyələrinə zərbələr endirib.

Səs-küyə yığışan şəxslər Valeh Məlikovun hadisə yerindən uzaqlaşdırdırıblar.

Bu zaman Mirqoşqar Mürsəlovun özü də hadisə yerindən qaçıb və qohumlarının köməyi ilə vaxtında xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Valeh Məlikovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Valeh Məlikov 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Valeh Məlikov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət verilməsini istəyib.

Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Valeh Məlikovun şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov