19 İyul 2019 09:58
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış təd­birlərini davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən Teleqraf.com-a bildirilib ki, iyulun 5-də “Xaş-xaş 2019” şərti ad altında keçirilən kom­pleks tədbirlər nəticəsində Lerik rayonunun Kömürköy ərazisində 15 hektar sa­hə­dən ümumi çəkisi 2 ton 680 kq olan xaş-xaş kolu, Ağstafa rayonu Qarayazı ərazisindən isə 1 hektar sahədən 2 ton 376 kq olan çətənə kolları aşkar olu­naraq Daxili İşlər Nazirliyinin yerli rayon şöbələrinin və icra nümayən­də­lə­ri­nin iştirakı ilə yığılaraq müvafiq qaydada yandırılma yolu ilə məhv edilib.

İyulun 5-də Yardımlı rayonu Arvana kəndi yaxınlığında yer­ləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respub­likası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları po­lietilen paketdə qablaşdırılan 935 qram marixuana və 1025 qram heroini hadisə yerində ataraq geri İran ərazisinə qaçıblar.

İyulun 8-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azər­bay­can Respublikasına gələn İran vətəndaşları 1994-cü il təvəllüdlü Davamihur Peiman Xeirollah oğlu, 1987-ci il təvəllüdlü Abarimejdar Hos­sein Ayatali oğlu və 1986-cı il təvəllüdlü Hemmati Mejdar Reza Nabiali oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən, üstlərindən və daxili orqanlarından ümumilikdə 111 qram heroin, 10 qram metafitamin, psixotrop dərman olan 10 həb “Metadon”, 10 həb “Tramadol” aşkar olunaraq götürülüb.

İyulun 15-də “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azər­­bay­can Respublikasına keçərkən Lənkəran rayon sakinləri 1992-ci il tə­vəl­lüdlü Səfərli Məhəmməd Mahir oğlunun və 1989-cu il təvəllüdlü Ağabalayev Elxan Bəşir oğlunun üzərinə baxış keçirilərkən, onlardan birinin üstündən 6 qram, digərinin üstündən 7 qram narkotik vasitə olan heroin aşkar olunub.

Hər üç fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər