16 Sentyabr 2014 16:23
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər prokurorluğu “Baku Steel Company” MMC-də baş verən faciə ilə bağlı rəsmi məlumat yayıb. Bu barədə Teleqraf.com-a Bakı şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, sentyabrın 15-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində havaayırıcı qurğunun əsaslı təmiri zamanı partlayış baş verib.

Nəticədə həmin sexin rəisi Hüseynov Rasim Cümşüd oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2-ci poladəritmə sexində operator işləyən Bayramov Sahil Nəriman oğlu və həmin sexdə bənna işləyən Ağayev Zəfər Rəhman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Baku Medical Plaza” klinikasına yerləşdiriliblər.

Rayon prokurorluğunun əməkdaşları tərəfindən texniki-təhlükəsizlik üzrə ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər