Bu gün Nəsimi rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən Turanə Xankişiyevanın cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, “Akva Park” əyləncə mərkəzinin qarşısında qadınları fahişəliyə cəlb edilməsi ilə bağlı məlumat daxil olub. İdarə əməkdaşları qeyd olunan ərazidə əməliyyat keçiriblər. Əməliyyat zamanı məlumat təsdiqini tapıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Turanə Xankişiyeva “Akva Park” əyləncə mərkəzinin qarşısında qadınları fahişəliyə cəlb etməsi məlum olub. O, idarə əməkdaşları tərəfindən həbs edilib.
26 yaşlı Turanə Xankişiyeva həmin ərazidə qadınlarla intim münasibətdə olmaq istəyən kişi müştərilərlə görüşüb. 26 yaşlı qız kişi müştərilərlə qadınların görüşməsinin haqq-hesabını aparıb. Həmin zaman razılaşdıqdan sonra yüngül həyat tərzi keçirən qadınları kişi müştərilərə təhvil verib.
Turanə Xankişiyeva Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham edilir.
Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, heç kimi fahişəliyə cəlb etməyib.
Məhkəmə davam edir.
Hacı Zeynalov