16 Oktyabr 2019 15:09
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sərhədini qanunsuz olaraq keçməkdə ittiham olunan İran vətəndaşı Əhməd Qulaminin (Ahmad Gholami) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Əhməd Qulami Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 23 mart 2019-cu il tarixdə, saat 8 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Astara rayonu ərazisində Azərbaycana keçməyə cəhd göstərib.

O, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Əhməd Qulami barəsində Cinayət Məcəlləsinin 29,318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə ittiham elan edilib.

Astara rayon Məhkəməsinin hökmü ilə Əhməd Qulami 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Əhməd Qulami apelyasiya şikayəti verib. O, himayəsində yaşlı ata-anası, həyat yoldaşı, bir azyaşlı övladının olduğunu, ailənin yeganə çörək qazananı olduğu bildirib. Qeyd edib ki, azyaşlı uşağı talassimiya xəstəliyindən əziyyət çəkir, uşağına qan verir, həbsxana şəraitində bunu etməsi mümkün deyil.

Əhməd Qulami barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, Astara rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Əhməd Qulaminin cəzası 4 ay 15 günə endirilib. Təyin olunan yeni cəza onun həbsdə yatdığı günlə hesablanıb və cəzası çəkilmiş hesab edilib.

Bu səbəbdən Əhməd Qulaminin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov