"Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Şahin İlyasovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini təklif edib.
Prokuror digər təqsirləndirilənlərə 5 il şərti cəza almalarını istəyib.
Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar.
Təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilirlər.
Təqsirləndirilən şəxslər, ümumilikdə, banka 1 milyon 337 min manat ziyan vurmaqda təqsirləndirilirlər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.
Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.