21 Sentyabr 2014 18:48
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar vəhşi heyvanların kəndlərə soxulması faktlarına tez-tez rast gəlinir. Növbəti belə hücum İsmayıllının Gülyan-Müdri yaylağında qeydə alınıb.

ANS PRESS-in Kanal S-ə istinadən məlumatına görə, hadisə ötən gün səhər saatlarında baş verib. Xeyli canavar Paşayev Alxan Dədəxan oğluna məxsus 1500 qoyunun olduğu sürüyə hücum çəkib. Ərazidə olan 6 çobanın hadisəyə müdaxilə etməsinə baxmayaraq canavarları sürüdən ayırmaq mümkün olmayıb.

Hadisə yerinə kənd camaatı axın edərək çobanlara kömək ediblər. Edilən bütün cəhdlərə baxmayaraq azğınlaşmış canavarlar xeyli qoyunu parçalayıb. Qoyunlardan 50-si ölüb, 55-i isə xəsarət alıb, 30-a yaxın qoyun isə yoxa çıxıb. Hadisə baş verən ərazidən yeddi baş iribuynuzlu heyvan da ürkərək qaçıb.

Hazırda heyvanların axtarışı davam edir. Artıq rayon rəhbərliyi və baytarlıq idarəsi məsələ ilə bağlı məlumatlandırılıb. İsmayıllı rayon İcra Hakimiyyəti rayon Baytarlıq İdarəsi ilə birlikdə yırtıcılara qarşı profilaktik tədbirlər görməyə başlayıb.

Qeyd edək ki, son vaxtlar bu ərazilərdə belə hallar tez-tez baş verir.


Müəllif: