Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənli barəsində hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ.Həsənlinin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
İttiham aktına əsasən, restoranlarda operator kimi çalışan İ.Həsənli "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdan artıq dələduzluq edib. O, N.Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlığı götürüb. Daha sonra N.Əhmədlinin şikayəti əsasında İ.Həsənli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Həsənli 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib./Report/