8 Yanvar 2020 13:27
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərov, Ceyhun Salahov, Hamlet Abdullayev, Rasim Mustafayev, Cəfər Zalov, Vüqar Məmmədov, Akif Əliyev, Firudin Zeynalov, Ceyhun Qurbanov, Anar Bağırov, Ağa Sərxani və Əziz Mahirin cinayət işi üzrə məhkəməsi prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutan iclasda müdafiə tərəfinin vəsatətləri təmin olunmayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar elan edib.

Məhkəmə baxışı yanvarın 16-na təyin olunub.

Qeyd edək ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Davam etdirilən prosessual araşdırmalar və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, iyul ayının 3-də törədilən cinayətin icraçısı, hazırda həbsdə olan Yunis Səfərov yaxın münasibətdə olduğu Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov ilə birlikdə Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq qərarına gəlmişlər.

Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçib və həmin ilin yaz aylarında Gəncə şəhərinə gələrək şəhər sakini, hazırda həbsdə olan Hamlet Abdullayevdən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah və 1 ədəd "Makarov" markalı tapança alıblar.

Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk ediblər.

Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və "Marqulin" markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə məhv edilən Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova və "Kalaşnikov" avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib, "Marqulin" markalı tapança isə Anar Bağırov da qalıb.

Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb.

Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından "Kalaşnikov" avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən "Marqulin" markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, "Teksun" yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb.

Daha sonra keçirilən əməliyyat nəticəsində bu cinayətin digər iştirakçıları – Rasim Mustafayev və daha 10 nəfər müəyyən edilərək həbs ediliblər.

Rəsmi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub.

Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər