Biləsuvar rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Rəşad Muradzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Rəşad Muradzadə sərxoş vəziyyətdə Biləsuvar rayonunun Xırmandalı kəndində Bəhruz Əliyevlə mübahisə edib.
Mübahisə zamanı Bəhruz Əliyev ona yumruqla zərbə vurub, başın nahiyəsindən xəsarət yetirib. Bundan əsəbiləşən Rəşad Muradzadə bıçaqla Bəhruz Əliyevin qarın nahiyəsindən vurub, ona ağır xəsarət yetirib.
Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Rəşad Muradzadə həbs edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Muradzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rəşad Muradzadə apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.
Rəşad Muradzadənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Rəşad Muradzadənin şikayəti təmin olunmayıb.