27 Fevral 2020 11:26
1 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda qətl və bir neçə ağır cinayət törədən “Əmioğlu” ləqəbli şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs saxlanılıb. Həyata keçirilən uğurlu əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub. Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mersedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

Sumqayıt Şəhər Polis İdarəsində Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi “Mersedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib. Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb.

Polis əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək eksqumasiya edilib.

Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi “Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib.

Qeyd edilən faktlarla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eldar Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər